"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ilk televiziya və radio qurumudur.
Hər xalqın milli-mənəvi dəyərlərini, mədəni irsini əks etdirə biləcək bir güzgüyə ehtiyacı var. Bizim də güzgümüz “Mavi ekran”dır. Məhz buna görə də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, ölkəmizin zəngin irsini - mədəniyyətini, incəsənətini, ədəbiyyatını dünyaya çatdırmaq və təbliğ etmək istiqamətində Milli Televiziya və Radionun gördüyü işlər danılmazdır. Bunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşları ilə görüşü zamanı söylədiyi "Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir" – kəlamı ilə bir daha təsdiq etmək mümkündür.
Azərbaycan televiziyası bizi tək özümüzə deyil, bütün dünyaya göstərir. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Ana Televiziyamız, xalqımızın bu günə qədər keçdiyi misli-bərabəri olmayan tarixi qələbələrini, milli-mənəvi dəyərlərimizi nümayiş etdirməklə gələcək nəsllər üçün bir ensklopediya rolunu oynayır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna aşağıdakı qurumlar daxildir:
* Azərbaycan Televiziyası (AzTV)
* İdman TV
* Mədəniyyət TV
* Azərbaycan Radiosu
* Beynəlxalq Radio
AZƏRBAYCAN RADİOSU
Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə Azərbaycan Televiziyasından 30 il əvvəl - 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı" sözləri ilə yayıma başlayıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən "qeybdən gələn səs" insanları özünə bağlayıb.
İlk dövrdə Bakı studiyası Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailiyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərib.
Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divarboyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir otaq var idi. Bu otağın divarından studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi. Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə bir mikrofon var idi. Studiyanın ortasında "Steinway" royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü. Bu, Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır.
Ölkəmizin dövlət maraqlarını, milli mənafeyini, xalq təəssübünü, tarixini, mədəniyyətini, musiqisini, incəsənətini, ədəbiyyatını və xüsusi olaraq qloballaşan dünyada milli dəyərlərini qorumaq, dünyaya çatdırmaq, zənginləşdirmək, inkişaf etdirmək üçün Azərbaycan Radiosu maraqlı proqramları ilə 24 saat dayanmadan dinləyicilərin xidmətindədir.
Azərbaycanın ilk radiosu - Azərbaycan Radiosunu hazırda FM-105, ölkəboyu yayımlanan digər tezliklərdən və dünyanın bir çox ölkələrində fasiləsiz dinləmək mümkündür.