“BBC” kimi qlobal nüfuza malik media qurumunun Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistana tərəfkeşlik etdiyi görünür.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu fikir Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist və siyasi şərhçi Reyçel Avrahamın Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunan “BBC-nin qərəzi üzə çıxdı: Ermənistanı dəstəkləmək, qlobal yayımda İsraili ləkələmək” sərlövhəli məqaləsində yer alıb.

Müəllif məqaləni “dünyanın ən nüfuzlu yayım orqanlarından birinin faktların təhrifi yolu ilə Qafqaz və Yaxın Şərqdəki münaqişələrdə fikir ayrılıqlarını alovlandırmasına dair araşdırma” adlandırıb.

Qeyd olunub ki, dünya mediasında saxta xəbərlər qlobal fenomenə çevrilib. Təəssüf ki, bu vəziyyət “BBC” kimi tanınmış və nüfuzlu media orqanına da sirayət edib. “BBC”də bu yaxınlarda yayımlanan “Ermənistan Qafqazda Silikon Vadisi qurmağa necə çalışır?” sərlövhəli məqalə bu xüsusda hər şeyi deyir. Məqalədə Ermənistanın texnoloji startapları cəlb etmək “səyləri”ndən və bu tip digər mövzulardan bəhs olunması gözlənildiyi halda əsas diqqət üç “LED” işığına qoşulmuş qutu yaradan 9 yaşlı erməni uşağına ayrılıb. Reyçel Avraham bu situasiyada məqalənin əsl məzmununu tamamilə təhrif edən başlığın seçilməsini Ermənistanı şöhrətləndirmək cəhdi kimi qiymətləndirib.

İsrailli politoloq sözügedən məkrli başlıq seçimindən əlavə, “BBC”nin məqaləsində həm Qafqazda, həm də xaricdə Azərbaycanın tərəfdarlarının hiddətinə səbəb olan məsələlərdən birinə diqqət çəkib: “2,7 milyon əhalisi ilə dənizə çıxışı olmayan Ermənistan Cənubi Qafqaz regionunda ən kiçik ölkədir və qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri həll edilməmiş ərazi mübahisələrinə görə onilliklər ərzində bağlıdır”. Daha sonra bununla bağlı tutarlı iradlar bildirilib. Ermənistanın coğrafi mövqeyinə, dənizə çıxışının olmamasına görə Azərbaycan və Türkiyənin məsuliyyət daşımadığını qeyd edərək, həmin məsələ ilə bağlı vacib suallar ünvanlayıb: “Ermənistan sahil xəttinəmi köçürülməlidir? Yoxsa onun sərhədləri Xəzər dənizinə, Qara dənizə, hətta Aralıq dənizinə doğrumu genişləndirilməlidir? Bəlkə “BBC” Ermənistanın hər üç dənizə çatmağına üstünlük verir?!”. Müəllif erməni təbliğat orqanında deyil, neytral olması gözlənilən nüfuzlu Britaniya media qurumunda yer alan belə bir iddianı ciddi qəbul etməyi problemli məsələ adlandırıb.

Yazıda “BBC”nin qərəzli davranışının təkcə Azərbaycanla məhdudlaşmadığı, onların dünyagörüşünü bölüşməyən digər ölkələrə, o cümlədən İsrailə də şamil edildiyi diqqətə çatdırılıb.