Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında 16.2% artıb və dövrün sonuna 82.5 milyard ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları oktyabr ayının sonuna 11.4 milyard dollara bərabər olub:
"Strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir. Belə ki, strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edir.
2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilmişdir. Rəsmi məlumata görə 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% olmuşdur".