Mayın 17-22-də Azərbaycanın ev sahibliyi ilə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.
AZTV.AZ xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq nazirliyin nümayəndəsi Aysel Rzayeva bildirib.
O deyib ki, forum çərçivəsində “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər”, “Plastik tullantılarla mübarizə: Yaşanıla bilən şəhərlər və dairəvi iqtisadiyyatın təşviqi”, həmçinin “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” mövzularında yan tədbirlər keçiriləcək.
Bununla yanaşı, mayın 16-dək "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” və “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzularında tədbirlərin təşkili də planlaşdırılır.