ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatının başlamasına çox az vaxt qalıb.
Budəfəki mundial təkcə iştirakçı sayının 48 komandaya çatdırılması ilə deyil, həm də favoritlərin çoxluğu ilə diqqət çəkir.
Son turnirlərin əksinə, bu dəfə yarışda aşkar favoritin olmadığını desək, yanılmarıq. Buna baxmayaraq, futbol ictimaiyyətinin, analitiklərin və statistik portalların əksəriyyəti bir neçə yığmanı digərlərindən önə çıxarır.
Hazırda əsas favorit kimi İspaniya göstərilir. Son Avropa çempionu heyət keyfiyyəti, oyun üslubu və son vaxtlardakı nəticələri ilə diqqət çəkir. Gənc və ulduz futbolçularla təcrübəli oyunçuların vəhdəti İspaniyanı dünya çempionu tituluna ən güclü namizəd hesab etməyə əsas verir. Bir çox proqnozlarda da məhz Luis de la Fuentenin rəhbərlik etdiyi komanda ilk sırada yer alıb.
İkinci əsas favorit Fransa hesab edilir. Son iki dünya çempionatında final oynayan Didye Deşamın kollektivi yenə də ən geniş və ən keyfiyyətli heyətlərdən birinə malikdir. Demək olar ki, hər mövqedə dünya səviyyəli futbolçuların yer alması Fransa millisini çempionluğa ən real namizədlərdən biri edib.
İngiltərə favoritlər sırasında ilk "üçlük"dədir. Son illərdə böyük turnirlərdə müntəzəm olaraq yarımfinal və final mərhələlərinə yüksələn britaniyalılar artıq qızıl medalı hədəfləyirlər. Bəzi tanınmış futbolçular mundial üçün yığmaya cəlb olunmasa da, bu millinin də çempion olmaq şansı çoxdur.
Favoritlər siyahısında növbəti yerlərə Argentina və Braziliyanı əlavə etmək olar. Argentina son dünya çempionudur və böyük turnirlərdə necə oynamağı yaxşı bilir. Braziliya isə hər mundialın favoritlərindəndir. Son illərdə sabitlik problemi yaşasa da, fərdi keyfiyyət baxımından dünyanın ən güclü komandalarından biri olaraq qalır.
Mütəxəssislərin diqqət çəkdiyi digər komanda isə Portuqaliyadır. Bir çox proqnozlarda onlar ilk "beşliy"ə daxil edilir. Heyətin balansı, yarımmüdafiə xəttinin gücü və böyük turnirlərdə artan təcrübə Portuqaliyanı potensial sürpriz namizədlərdən birinə çevirir.
Ümumi mənzərə göstərir ki, DÇ-2026 son illərin ən gərgin mundiallarından biri olacaq. İspaniya, Fransa və İngiltərə əsas favoritlər hesab olunsa da, Argentina, Braziliya və Portuqaliya kimi komandalar da kubok uğrunda mübarizəyə tam hazır görünür.
Yəqin ki, azərbaycanlı futbolsevərlərin əksəriyyətinin azarkeşlik edəcəyi komanda Türkiyə millisi olacaq. İstedadlı oyunçulardan ibarət olan "ay-ulduzlular" mundialda sürpriz edə biləcək komandalardan biridir. Bu sıraya Niderland, Almaniya, Belçika və Norveç yığmalarını da əlavə etmək olar.
Bukmekerlər də DÇ-2026-nın favoriti siyahısında İspaniyanı birinci pilləyə yerləşdiriblər. Fransa ikinci, İngiltərə isə üçüncü ən güclü favorit hesab olunur. Braziliya və Portuqaliyanın şansları eyni hesab olunur, Argentina bu yığmalardan bir az geri qalır.
Dünya çempionatlarının tarixi isə sübut edir ki, favorit olmaq həmişə çempion olmaq demək deyil.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək təşkil olunacaq.