Türkiyənin cənubundakı Adana şəhərində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş “Köhnə çamadanlar” filminin nümayişi olub.
Adana Vilayət Mədəniyyət və Turizm İdarəsi, Adana Polis İdarəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və bir sıra qeyri-hökumət təşkilatları 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə keçirilən mədəni proqrama fəal şəkildə töhfə verib. Türkiyə polisi əməkdaşlarının həyat yoldaşları Assosiasiyasının Adana ofisi tədbirə koordinasiya dəstəyi verib.
Real hadisələrə əsaslanan və Qarabağ müharibələri zamanı səkkiz Azərbaycan qadınının hekayəsini təqdim edən “Köhnə çamadanlar” layihəsinin rejissoru və yaradıcısı Səidə Haqverdiyevadır.
Film Azərbaycan qadınlarının müxtəlif həyat hekayələrini tək bir ssenari çərçivəsində birləşdirir və bununla da müharibənin mürəkkəb psixoloji ab-havasını tamaşaçılara çatdırır.
Türkiyə siyasi partiyalarının nümayəndələrinin də daxil olduğu tamaşaçılar qarşısında çıxış edən Türkiyə polisi əməkdaşlarının həyat yoldaşları Assosiasiyasının Adana ofisinin rəhbəri Sanem Arıkan qeyd edib ki, “Köhnə çamadanlar” filmini göz yaşları içində izləyib.
Ekran əsərinin yaradıcı heyətinə minnətdarlığını bildirən S. Arıkan deyib: “Biz ortaq tarixi köklərə, dilə və mədəniyyətə əsaslanan, həm kədərdə, həm də sevincdə çiyin-çiyinə dayanan bir millət - iki dövlətik. Fərqli bayraqlar altında yaşasaq da, xalqlarımız eyni ağacın budaqlarıdır, eyni kökdən böyüyür”.
Tədbir iştirakçıları arasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar Qələbə sevincinə və ölkəmizin tarixi torpaqlarının erməni işğalından azad edilməsinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, işğal dövrünün tarixi reallıqlarını ictimaiyyətə çatdırmaq iki qardaş ölkənin birliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Nümayişdən sonra filmin yaradıcılarına mədəniyyətlərarası dialoqun, sülh mühitinin və Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdikləri töhfələrə görə mükafat təqdim olunub.