Peşəkar Futbol Liqası (PFL) Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Premyer Liqa klublarına ödənişləri həyata keçirib.
PFL-dən bildirilib ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasında çıxış edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu klublar arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların mövsüm ərzində meydanda keçirdikləri dəqiqələr əsasında aparılıb.
Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiq etdiyi meyarlara uyğun müəyyənləşdirilib.
İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun minimum həcmi 1 milyon manat nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.
Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.
Klublara köçürülən vəsaitlərin məbləği, eləcə də bölgünün detalları müvafiq cədvəldə əks olunub.
Bildirilib ki, ilk dəfə tətbiq edilən bu təşviq mexanizminin klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına töhfə verəcəyi gözlənilir.