Azərbaycan cüdoçuları Zelim Kotsoyev (100 kiloqram) və Madina Kaisinovanın (+78 kiloqram) zədələrinin ciddi olmadığı açıqlanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hər iki idmançının zədəsi yüngül xarakter daşıyır və onların qısa müddətdə tatamiyə qayıtması gözlənilir.
Xatırladaq ki, hər iki idmançı 26–28 iyun tarixlərində Çinin Sindao şəhərində keçiriləcək cüdo üzrə Qran-Pri turnirində iştirak etməyəcəklər. "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıran yarışda Azərbaycan 17 cüdoçu ilə təmsil olunacaq. Milli komandanın heyətində 11 kişi və 6 qadın yer alıb. Üç gün davam edəcək turnirdə 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) mübarizə aparacaq.