Azərbaycan ərazisində qədim dövlətlərdən biri olan Qafqaz Albaniyasının zəngin tarixini və mirasını avropalı oxuculara çatdırmaq məqsədi ilə ölkəmizin Albaniyadakı səfirliyinin dəstəyi ilə Tirana şəhərində "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitab çap olunub. Nəşr alban və ingilis dillərində işıq üzü görüb.

 

Bu barədə kitabın müəllifi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov məlumat verib.

O bildirib ki, kitabda Qafqaz Albaniyasının tarixinə aid olan və ilk dəfə istifadə edilən qədim mənbələr, orta əsr Avropa alimlərinin araşdırmaları yer alıb: “Kitabın məhz Albaniyada nəşr olunması böyük rəmzi məna daşıyır. Bu ölkənin Azərbaycanın və Qafqaz Albaniyasının irsi və tarixi ilə çoxlu bağlantıları olub. Kitabda Qafqaz Albaniyasının və bir sıra Avropa ölkələrinin tarixi ilə mədəni irsləri arasında paralellər və müqayisələr aparılıb”.

Rizvan Hüseynovun sözlərinə görə, nəşr artıq bir sıra dövlət qurumlarına, universitetlərə, kitab evlərinə və elmi mərkəzlərə təqdim olunub. Bu ilin payızında isə Azərbaycanın Albaniyadakı səfirliyinin dəstəyi ilə Tiranada "Qafqaz Albaniyasının qısa tarixi" kitabının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.