Bakıda "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" beynəlxalq konfransının ilk sessiyası baş tutub.
Konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.
"Konqonun Səsi" təşkilatının (Konqo Demokratik Respublikası) baş nümayəndəsi Sedrik Monzia Aundu bildirib ki, bu gün dekolonizasiya təkcə ərazilərin deyil, həm də şüurun, informasiya məkanının və ictimai narrativlərin azad edilməsini əhatə edir.
Onun sözlərinə görə, kütləvi informasiya vasitələri (KİV) həm müstəmləkə stereotiplərini təkrarlaya, həm də xalqlar haqqında daha ədalətli təsəvvürün formalaşmasına töhfə verə bilər. S.Aundu, jurnalistikanın peşəkar standartlarını müasir platformaların imkanları ilə birləşdirərək, dezinformasiyaya qarşı səmərəli mübarizə apara və obyektiv informasiyanı təşviq edə bilən jurnalistlərin, eləcə də rəqəmsal inflüenserlərin əməkdaşlığının vacibliyini qeyd edib.
"Fransa müsəlmanları" xəbər portalının təsisçisi Jan-Mişel Brün bildirib ki, müstəmləkəçilik dövründə Fransa mətbuatı "sivilizasiya missiyası" obrazını formalaşdıraraq və zorakılıq, ayrı-seçkilik və istismar faktlarını gizlədərək çox vaxt müstəmləkəçiliyə haqq qazandırırdı.
Onun sözlərinə görə, müasir KİV-lər müstəmləkəçilikdən əziyyət çəkmiş xalqlara öz fikirlərini ifadə etmək imkanı verməli, sosial bərabərsizlik problemlərini işıqlandırmalı və müstəmləkə keçmişinin yenidən dərk olunmasına kömək etməlidir. Jan-Mişel Brün, həmçinin siyasi və iqtisadi təsirlərdən azad olan müstəqil medianın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.