İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.

 

Ali Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, bu gün, Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcını qoyan əlamətdar bir gündür. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmizin müstəqil və qüdrətli dövlətçilik təməlləri atıldı. Məhz həmin dövrdə Ulu Öndər tərəfindən formalaşdırılan güclü iqtisadi, hərbi və kadr potensialı, həyata keçirilən məqsədyönlü siyasət 1993-cü ildə dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşən zaman ölkənin xilasında mühüm rol oynadı və Azərbaycanın davamlı tərəqqisinin əsasını qoydu.

Qeyd olunub ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi 1969-cu ilin 14 iyulundan Ümummilli Lider Heydər Əliyevin başlatdığı inkişaf və dövlətçilik strategiyasının uğurlu nəticəsidir. Elə buna görə də 14 iyul müasir Azərbaycan tarixinin əlamətdar günlərindən biri kimi qiymətləndirilir və hər zaman xalqımızın milli yaddaşında xüsusi ehitiramla anılır.

Deputatlardan Zeynəb Quliyeva, Aynur Babayeva, Şəhla Əhmədova və Sevinc Həsənova çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə gəlməsinin milli dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən, Naxçıvana qayıdışının ölkəmizin müstəqillik və qurtuluş yolunda həlledici rolundan bəhs edilib, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov məlumat verib, komitənin rəyini diqqətə çatdırıb, qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ - üçüncü oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Ali Məclisin Hüquq siyasət komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Ardınca qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran sonuncu məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Hüquq siyasət komitəsinin sədri tərəfindən məlumat verilib, komitənin rəyi diqqətə çatdırılıb.

Layihə ilə bağlı deputatlardan Həbibə Allahverdiyeva və Mahir İsmayılov çıxış ediblər.

Qanun səsə qoyularaq qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Ali Məclisin növbədənkənar sessiyası başa çatıb.