Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Prezident Peter Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.
Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi qeyd olunub.
Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək qiymətləndirilərək buna görə minnətdarlıq bildirilib.
Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.