Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkənin müxtəlif iri tekstil obyektlərini və istehsal sahələrini təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak ediblər.

 

Dövlət Agentliyindən bildirilib ki, görüşdə qurumun sədri Elnur Bağırov və Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Fəridə Axundova çıxış ediblər.

Çıxışlar zamanı istehlakçıların təhlükəsiz və keyfiyyətli tekstil məhsulları ilə təmin edilməsi, yerli istehsalçıların rəqabət imkanlarının artırılması və tekstil sənayesinin davamlı inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, istehlakçıların həyat və sağlamlığının qorunması məqsədilə dövriyyəyə buraxılan məhsulların, xüsusilə uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarətin gücləndirilməsi mühüm prioritetlərdəndir.

Görüş zamanı “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər, eləcə də yüngül sənaye və uşaq məhsullarının təhlükəsizliyinə dair hazırlanmış texniki reqlament layihələri barədə məlumat verilib. Müzakirələr zamanı yerli istehsalçıların dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsi, sahibkarlıq subyektləri ilə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də tekstil sektorunun inkişafına töhfə verən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.