Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün "Daxilimdəki dəniz" adlı yaradıcı plener təşkil edilib.

 

Bu barədə agentlikdən məlumat verilib.

Tədbir çərçivəsində benefisiarlar öz hisslərini, arzularını, xatirələrini və daxili aləmlərini rənglərin dili ilə kətan üzərinə köçürüblər. Yaradıcılıq prosesindən sonra iştirakçılar arzularını kağızlar vasitəsilə simvolik olaraq dənizə ünvanlayıblar. Sonra birlikdə maraqlı vaxt keçirmək, faydalı müzakirələr etmək imkanı qazanıblar.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirən, onların özünəinamının artırılmasına, emosional inkişafına mühüm töhfə verən bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.