Cari ilin ilk 6 ayında Azərbaycanda yaşama icazəsinin uzadılması ilə bağlı müraciətlərdə, xüsusilə həm müvəqqəti, həm də daimi yaşama icazələri üzrə artım müşahidə olunub.

 

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29-da keçirilən brifinqdə bildirib.

O bildirib ki, qeyd olunan hal bir məqama xüsusi diqqət yetirilməsinin vacibliyini göstərir. Belə ki, Azərbaycana vizasız qaydada gələn şəxslər 90 gün müddətində ölkəyə giriş-çıxış etməklə burada qala bildikləri üçün bəzi hallarda uzun müddət bu üsuldan istifadə edir, lakin müvəqqəti yaşama icazəsi üçün müraciət etmirdilər. Bu isə giriş-çıxışların sayının artmasına səbəb olurdu. Son illərdə quru sərhədlərlə bağlı tətbiq edilən müəyyən məhdudiyyətlər isə insanların bu davranışına təsir göstərib. Nəticədə müvəqqəti yaşama icazələri üzrə müraciətlərdə əhəmiyyətli artım müşahidə edilir. "Bu artımın əsas səbəblərindən biri odur ki, həmin şəxslərin ölkədə yaşayan yaxın qohumları var və onların yaşama icazəsi almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları mövcuddur. Bu, daha çox Gürcüstanda yaşayan soydaşlarımıza aiddir. Bundan əlavə, 2025-ci il yanvarın 1-dən etibarən qarşılıqlı paritet prinsipi əsasında Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddəti də 90 gün müəyyən edilib. Bu dəyişiklik də ölkədə yaşama icazəsi almaq üçün hüquqi əsasları olan şəxsləri müvəqqəti və ya daimi yaşama icazəsi almağa təşviq edib. Bu baxımdan, müəyyən olunan dinamikanın səbəblərindən biri kimi həmin şəxslərin yaşama icazəsi almaq üçün müraciət etmələrini göstərmək olar", - deyə Vüsal Hüseynov vurğulayıb.