“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişin tələbatının artmasını nəzərə alaraq İstanbul və Tbilisi istiqamətləri üzrə uçuş proqramını genişləndirib.

 

AZAL-dan bildirilib ki, 4 avqust–30 sentyabr tarixlərində Bakı–İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, 2–30 avqust tarixlərində isə Bakı–Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayı 42-dən 46-ya çatdırılıb.

Bildirilib ki, əlavə reyslər artan sərnişin tələbatının qarşılanmasına, səyahətlərin daha rahat planlaşdırılmasına və sərnişinlər üçün uçuş seçimlərinin genişləndirilməsinə imkan verəcək.

Qeyd olunub ki, Azərbaycanın milli aviadaşıyıcısı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın tələbatına uyğun optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və komfortlu səyahət imkanlarının yaradılmasını hədəfləyir.

Aviabiletləri AZAL-ın rəsmi internet səhifəsindən, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.