Azərbaycanın KOB subyektləri ilə türk dünyası ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də biznes subyektləri arasında tərəfdaşlıq imkanlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

KOBİA-dan  bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türk Ticarət Mərkəzi adından “Okuklu Holding”in direktoru Yılmaz Okuklu imzalayıblar.

Anlaşma memorandumunda Azərbaycanın KOB subyektləri ilə türk dövlətlərindən olan sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına və potensial tərəfdaşların müəyyənləşdirilməsinə dəstək göstərilməsi nəzərdə tutulur.

İş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək birgə işgüzar və maarifləndirmə tədbirlərinin təşkili, işgüzar nümayəndə heyətlərinin, ticarət missiyalarının və ekspertlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi imkanları da sənəddə öz əksini tapıb. Həmçinin Azərbaycanda və türk dövlətlərində keçirilən sərgi, yarmarka və forumlar, eləcə də investisiya, ticarət və sənaye sahələrində əməkdaşlıq imkanları barədə məlumat mübadiləsinin aparılması və sahibkarların müvafiq tədbirlərdə iştirakının təşviqi planlaşdırılır. Həmçinin KOBİA nümayəndələri Türk Ticarət Mərkəzi və mərkəzdə təşkil olunmuş sərgi ilə tanış olublar.