Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə muxtar respublikanın gələcək inkişaf istiqamətlərinə dair strateji baxışları bir daha ortaya qoydu.
Müsahibədə səsləndirilən fikirlərdən aydın olur ki, Naxçıvan üçün qarşıya qoyulan hədəflər yalnız sosial-iqtisadi inkişafla məhdudlaşmır. Təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və yaşıl enerji kimi istiqamətlər vahid inkişaf konsepsiyasında birləşdirilir.
Naxçıvanın təhlükəsizliyinin təmin olunması bu strategiyanın əsas dayaqlarından biri kimi təqdim edilir. Əlahiddə Ordunun yaradılması və müasir hərbi texnika ilə təchizatı muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi istiqamətində atılan addımlar sırasında qeyd olunur.

Enerji təhlükəsizliyi isə Naxçıvanın inkişaf strategiyasının ayrıca mühüm istiqamətidir. Muxtar respublikada qazlaşmanın 100 faizə çatdırılması, su və Günəş elektrik stansiyalarının yaradılması, yeni 300 meqavatlıq istilik elektrik stansiyasının inşasına başlanılması enerji təminatının şaxələndirilməsi məqsədini göstərir. Naxçıvanın Günəş enerjisi potensialının yüksək olduğu və 600 hektardan çox ərazidə yeni layihələrin həyata keçiriləcəyi bildirilir.
Lakin müsahibənin ən mühüm mesajlarından biri Naxçıvanın nəqliyyat imkanları ilə bağlıdır. Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın Azərbaycanla quru bağlantısının bərpası ilə yanaşı, regionun daha geniş nəqliyyat sisteminə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycanın olub və 2025-ci il avqustun 8-də Vaşinqton Zirvə Görüşündə bu istiqamətdə mühüm qərar qəbul edilib. TRIPP layihəsinin icrasına başlanılması ilə dəhlizin reallaşdırılması istiqamətində yeni mərhələnin başladığı vurğulanıb:
- Naxçıvan dəmir yolunun bərpası da bu strategiyanın mühüm hissəsidir. Mövcud dəmir yolu infrastrukturunun yenidən qurulması və onun yükaşırma qabiliyyətinin ilkin 1,5 milyon tondan 15 milyon tona çatdırılması planlaşdırılır. Bu isə Naxçıvanı yalnız Azərbaycanın digər bölgələri ilə əlaqələndirən nəqliyyat xətti deyil, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi mühüm tranzit məntəqələrdən birinə çevirə bilər.
Beləliklə, Naxçıvanın qarşıdakı illərdə regional nəqliyyat mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır. Buradan keçəcək yük axınının iqtisadi fəallığı artıracağı, yeni iş yerləri yaradacağı və Naxçıvanın tranzit əhəmiyyətini yüksəldəcəyi bildirilir.
Enerji sahəsində də hədəf yalnız daxili tələbatın ödənilməsi deyil. Naxçıvanın Günəş və su enerjisi potensialından istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Müsahibədə Naxçıvanda Günəş enerjisi istehsalının ən azı 500 meqavat, potensial olaraq isə 1000 meqavata çata biləcəyi qeyd edilir. Türkiyə və İranla yanaşı, gələcəkdə Avropa istiqamətində də ixrac imkanlarının yarana biləcəyi vurğulanır.
Bu baxımdan Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, çoxşaxəli regional bağlantı kimi yanaşılır. Dəhliz boyunca dəmir yolu və avtomobil yolları ilə yanaşı, elektrik və fiber-optik xətlərin, gələcəkdə isə digər enerji infrastrukturlarının yaradılması imkanları nəzərdən keçirilir.

Prezident İlham Əliyev Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib. Yaşıl enerji zonası kimi Naxçıvanın bərpaolunan enerji potensialının artırılması, enerji saxlanc sistemlərinin yaradılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi bu konsepsiyanın mühüm elementləridir.
Başqa sözlə, qarşıya qoyulan hədəf Naxçıvanı yalnız inkişaf edən bir muxtar respublika deyil, təhlükəsizliyi təmin olunmuş, enerji istehsal edən və ixrac edən, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunan, sənaye və turizm imkanlarını genişləndirən regional mərkəzə çevirməkdir.