Böyük şair və filosof Nizami Gəncəvinin Gürcüstanın Marneuli şəhərində N.Nərimanov və N.Gəncəvi küçələrinin kəsişməsində yerləşən büstü yenidən bərpa olunub.

Avqustun 13-də büstün bərpadan sonra açılışı olub.

Açılış mərasimində bildirilib ki, büst bir müddət əvvəl vandalizmə məruz qalaraq zədələnmişdi və onun bərpasına ciddi ehtiyac yaranmışdı. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü ilə görülən restavrasiya işlərindən sonra abidə yenidən əvvəlki görkəminə qaytarılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bərpa prosesində əməyi olan şəxslərə və şəhər rəhbərliyinə təşəkkür edib. O, Gürcüstanda Azərbaycan xalqının tarixi, mədəniyyəti və incəsənətinin qorunmasına göstərilən dəstəyin əhəmiyyətini xüsusi qeyd edib.

İki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir bildirib ki, avqustun 17-də Azərbaycandan Gürcüstana böyük rəssam heyəti səfər edəcək. F.Quliyev bu tədbirin də Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

“Bizim irsimiz Gürcüstanda qorunur. Tariximizə, mədəniyyətimizə və incəsənətimizə böyük dəstək var. Bu dəstək bütün illər ərzində göstərilib və bu gün də davam edir”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, mədəni əlaqələr Azərbaycan və Gürcüstan arasında siyasi və iqtisadi münasibətlərin inkişafına da öz töhfəsini verir.

Qeyd edək ki, Marneulidə Nizami Gəncəvinin büstü 2012-ci ildə ucaldılıb. 14 il sonra büstün bərpası ilə bağlı işlər həyata keçirilib.

Bərpa işlərini rəssam, bədii oyma ustası Qəşəm Süleymanov təmənnasız həyata keçirib. O bildirib ki, büstün bərpasına təxminən 20 gün vaxt sərf olunub.

“Büstü 20 günə bərpa etdim və bu vəziyyətə çatdırdım. Bu iş məndə böyük fərəh hissi yaratdı. Belə görkəmli şairimizin büstünü bərpa edib əvvəlki vəziyyətinə gətirmək mənim üçün qürurverici idi”, – deyə Q.Süleymanov əlavə edib.

Bərpa təşəbbüsünün həyata keçirilməsində iştirak edən rəssam Əli İsayev isə görülən işləri Azərbaycan xalqının mədəni irsinə olan borcun yerinə yetirilməsi kimi qiymətləndirib.

“Bu, bizim mənəvi borcumuz idi və biz borcumuzu yerinə yetirdik”, – deyə Ə.İsayev vurğulayıb.

Tədbir daha sonra Marneulidəki “Azərbaycan Evi”ndə davam etdirilib. Orada N.Gəncəvinin əsərləri səhnələşdirilib. GAK sədri Hüseyin Yusubov, səfirliyin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərli də Gəncəvinin həyat və yaradıcılığından danışıb, uşaqlar dahi şairin şeirlərindən parçalar söyləyiblər.

Burada Nizami Gəncəvinin zəngin ədəbi irsi, şairin yaradıcılığının Azərbaycan və Gürcüstan xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.

Çıxışlarda Nizami Gəncəvi irsinin gələcək nəsillərə çatdırılmasının, onun yaradıcılığının təbliğinin və Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin iki ölkə arasında ədəbi və mədəni əməkdaşlığın, qarşılıqlı mədəni layihələrin və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən danışılıb.