Prezident İlham Əliyevin Naxçıvana son səfəri çərçivəsində sənaye, energetika, nəqliyyat-logistika, sosial təminat, şəhərsalma, turizm və mədəni irsin qorunması sahələrini əhatə edən mühüm layihələr təqdim olunub, bir sıra strateji obyektlərin təməli qoyulub. Naxçıvan şəhərində ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında aparılan işlər də regionun yaşıl enerji potensialının gücləndirilməsinə yönəlib. “Şəms 1” stansiyasının tam gücü ilə istismara verilməsi nəticəsində ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına ekvivalent həcmdə istehsalın yaradılması, təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınması və 12 milyon kubmetr təbii qaza qənaət edilməsi nəzərdə tutulur.

Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafı yalnız regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi deyil, həm də gələcəkdə elektrik enerjisinin ixracı imkanlarının yaradılması baxımından əhəmiyyətlidir. Bu istiqamət Naxçıvanın Azərbaycan-Türkiyə-Avropa enerji bağlantısında və regional enerji tranzitində mühüm mövqeyə sahib olmasına imkan yarada bilər. Enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından 2025-ci ildə istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri də xüsusi əhəmiyyət daşıyır. Kəmər Naxçıvanın qazla təminat mənbələrinin şaxələndirilməsinə və enerji təchizatının dayanıqlılığının artırılmasına xidmət edir.

Naxçıvan Sənaye Parkının yaradılması isə regionda istehsal və emal yönümlü iqtisadi strukturun gücləndirilməsi, yeni investisiyaların və müasir texnologiyaların cəlb olunması, yerli xammalın yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, ixracın və məşğulluğun artırılması baxımından mühüm addımdır. İnvestisiya təşviqi və digər dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi emal sənayesinə sahibkar marağını daha da artırır.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bununla bağlı demişdir: “Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq. “İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik”.

Nəqliyyat infrastrukturu da Naxçıvanın gələcək inkişafında əsas istiqamətlərdən biridir. Muxtar respublikanın 194,2 kilometrlik dəmir yolu infrastrukturunun yenilənməsi çərçivəsində 10 stansiya və 3 sərnişin platforması yenidən qurulur. Zəngəzur dəhlizi üzrə layihələrin yekunlaşmasından sonra dəmir yolu xəttinin illik buraxılış qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Dəhlizin açılması Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm logistika qovşaqlarından birinə çevrilməsinə imkan verə bilər. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan və Türkiyə arasında dəmir yolu bağlantısının güclənməsi logistika xərclərinin azalmasına, ticarət dövriyyəsinin artmasına və yeni biznes imkanlarının formalaşmasına şərait yaradacaq.

Bütün bu layihələr Naxçıvanın yalnız sosial-iqtisadi inkişafına deyil, həm də ölkə iqtisadiyyatına inteqrasiyasının daha da dərinləşdirilməsinə xidmət edir. 2023–2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər muxtar respublikanın istehsal, yaşıl enerji, logistika, ticarət və turizm mərkəzi kimi mövqeyinin gücləndirilməsinə mühüm zəmin yaradır.

Beləliklə, Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr və yeni dövlət dəstəyi mexanizmləri muxtar respublikanın iqtisadi potensialının daha səmərəli reallaşdırılması, müasir infrastrukturun qurulması, investisiya və biznes mühitinin yaxşılaşdırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində yeni mərhələnin əsasını qoyur.