Perunun “La Razón” nəşrində bu ölkənin xarici işlər naziri Karlos Espanın Xarici İşlər Nazirliyinin 205-ci ildönümü münasibətilə çıxışına dair məqalə dərc olunub.
Məqalədə Perunun xarici siyasətinin əsas istiqamətləri ilə yanaşı, Azərbaycanla münasibətlərə də xüsusi diqqət yetirilib.
Yazıda Perunun Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi mühüm qərarlardan biri kimi qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyə malik olmaqla yanaşı, mühüm enerji və ticarət mərkəzlərindən biridir.
Məqalədə, həmçinin Azərbaycanın Peruda investisiya qoyuluşları ilə bağlı son açıqlamalarına diqqət çəkilərək, bunun iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığı vurğulanıb.
Nəşr Perunun Azərbaycanla diplomatik münasibətlərinin daha da inkişaf etdirilməsinin siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət və investisiya sahələrində də yeni perspektivlər aça biləcəyini qeyd edib. Bu baxımdan Perunun Bakıdakı səfirliyinin fəaliyyətinin bərpası iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.