Avqustun 14-də Bakıda “China Media Group”un Çin Radio və Televiziya Mərkəzi tərəfindən xüsusi olaraq Azərbaycan dilində hazırlanan “İrs Keşikçisi” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey, Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Tural Babayev, “ARB24” telekanalının icraçı direktoru Radik İsmayılov,

“China Media Group”unun Çin Radio və Televiziya Mərkəzinin direktoru xanım Van Lu çıxış ediblər.

Qeyd olunub ki, hazırda Çin və Azərbaycan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin sayı artır, əlaqələr getdikcə genişlənir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, “Bir kəmər, bir yol” təşəbbüsünün birgə həyata keçirilməsi çərçivəsində mühüm və məhsuldar nəticələr əldə olunur, ikitərəfli ticarət dövriyyəsi isə dəfələrlə yeni rekord göstəricilərə çatır. İki xalqın bir-birinin mədəni irsi və həyatı ilə daha yaxından tanış olmaq istəyi getdikcə güclənir. Mədəniyyət, təhsil, media, beyin mərkəzləri, turizm, elm və texnologiyalar, gənclər arasında mübadilələr, regionlararası əlaqələr və digər sahələrdə humanitar əməkdaşlıq getdikcə dərinləşir və praktiki nəticələrlə zənginləşir. Bu əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafına yeni imkanlar qazandırmaqla yanaşı, onların ictimai dayaqlarını da möhkəmləndirir.

Diqqətə çatdırılıb ki, məhz belə dostluq və qarşılıqlı anlaşma şəraitində “İrs Keşikçisi” sənədli filmi “China Media Group”unun Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim olunmaq üçün xüsusi olaraq hazırlanmışdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və “ARB24” telekanalı da qısa müddət ərzində resursları səfərbər edərək filmin Azərbaycanda yayımlanmasına fəal dəstək göstərmişdir.

Qeyd edilib ki, filmin Azərbaycanda uğurla nümayiş etdirilməsi yalnız Çin və Azərbaycan mediası arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərmir, həm də azərbaycanlı tamaşaçılara Çin Xalq Respublikasının Sədri Si Cinpinin mədəniyyətə dair düşüncələrini daha dərindən anlamağa, Çinin dövlət idarəçiliyi konsepsiyasının söykəndiyi zəngin mədəni irsi daha yaxından dərk etməyə imkan verəcək. Çin Radio və Televiziya Mərkəzi, həmçinin Azərbaycan mediasına bir sıra yüksəkkeyfiyyətli proqramlar təqdim edəcək. Bu proqramlar Azərbaycanlı tamaşaçılar üçün yeni dövr Çini daha yaxşı tanımaq, Çin xalqının ənənəvi mədəniyyətinin özünəməxsus cazibəsini hiss etmək üçün mühüm körpü rolunu oynayacaq, iki ölkə arasında humanitar mübadilənin və xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcək.