Bakıda Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Mərasimdə Pakistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşları, media təmsilçiləri, Azərbaycanda təhsil alan tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbir “Qurani-Kərim”dən ayələrin tilavəti ilə başlayıb. Daha sonra Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin tərəfindən Pakistanın dövlət bayrağı ucaldılıb.

Mərasimdə Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Şahbaz Şərifin Müstəqillik Günü münasibətilə müraciətləri səsləndirilib.

Tədbirdə çıxış edən səfir Qasim Mohiuddin 14 avqustun Pakistan xalqı üçün tarixi və böyük əhəmiyyət daşıyan gün olduğunu bildirib.

Diplomat Pakistanın bu gün iqtisadi sabitliyini möhkəmləndirdiyini, inkişaf etmiş iqtisadiyyat quruculuğu istiqamətində mühüm addımlar atdığını qeyd edib.

Səfir Pakistanın regional və qlobal səviyyədə sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələrdən də danışıb.

Qasim Mohiuddin Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin Pakistanın regionda artan strateji rolunun göstəricisi olduğunu diqqətə çatdırıb.

O, Azərbaycan-Pakistan münasibətlərinə də toxunaraq iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycandan olan tələbələr də iştirak edərək Pakistanın Müstəqillik Günü münasibətilə urdu dilində çıxışlar ediblər. Tələbələrin çıxışları mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunub.