Bu il süni intellekt və rəqəmsallaşmaya həsr olunan “Yay Fest 2026” çərçivəsində sayca beşinci “Elm, etika və gələcək” düşərgəsi keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, düşərgənin əsas məqsədi gənclərin süni intellekt və innovativ texnologiyalar barədə məlumatlılığını artırmaq, onların imkanlarından səmərəli və məsuliyyətli istifadə ilə bağlı maarifləndirmək, gələcəyin əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırmaq və innovativ düşüncə tərzini təşviq etmək olub.
Düşərgə çərçivəsində gənclər süni intellektin təhsil, karyera, yaradıcılıq və gündəlik həyatda tətbiq imkanları ilə tanış olub, texnoloji inkişafın yaratdığı yeni çağırışlar, rəqəmsal etika və gələcəyin peşələri barədə fikir mübadiləsi aparıb, bu istiqamətlər üzrə müxtəlif fəaliyyətlərdə iştirak ediblər.
Beşgünlük proqram müddətində peşəkarların iştirakı ilə “Yüksəliş masası”, “Xarici universitetlərə müsahibə zamanı nələr etməli?”, “Xaricdə təhsil: Gözləntilər və reallıq” və “Qlobal imkanlardan uğurlu karyeraya: Təhsil, təcrübə və inkişaf” adlı panel görüşləri və praktiki sessiyalar təşkil olunub.
Gənclər bu görüşlərdə süni intellekt və innovasiyanın təhsil və karyeraya təsiri, gələcəyin əmək bazarının tələbləri, beynəlxalq təhsil imkanları, xarici universitetlərə qəbul və müsahibə prosesinə hazırlıq, qlobal imkanlardan səmərəli istifadə, şəxsi və peşəkar inkişaf barədə bilik və dünyagörüşlərini artırıb, faydalı tövsiyələr əldə ediblər.
Həmçinin gənclər “Ali təhsildə yeni trendlər: Süni intellekt, innovasiya və karyera” mövzusunda Milli Məclisin deputatı Fariz İsmayılzadə və “Azərbaycanın qədim dövlətçilik ənənələri” mövzusunda Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov ilə görüşüblər.
Maarifləndirici fəaliyyətlərlə yanaşı, yoqa, zumba məşqi, master-klaslar, vörkşoplar, intellektual oyunlar, idman yarışları, haykinq və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya da təşkil olunub. Bu fəaliyyətlər gənclərin həm öyrədici, həm də əyləncəli vaxt keçirməsinə şərait yaradıb.
Axşam saatlarında təşkil edilən musiqili fəaliyyətlər, gənclərin sevimli müğənnilərinin ifaları, DJ performansları və tonqal ətrafında keçirilən səmimi söhbətlər düşərgənin dostluq və komanda ruhunu daha da möhkəmləndirib.
Qeyd edək ki, “Yay Fest 2026” Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində “Rəqəmsal dövlət”, “Media və rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir şəhərlər və texnologiya”, “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq” və “AI – İdman və sağlamlıq” adlı ardıcıl 8 düşərgənin təşkili nəzərdə tutulur.
Hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gəncin iştirakı gözlənilir.
Gənclər Fondu gəncləri növbəti düşərgələrdə iştirak üçün qeydiyyatdan keçməyə və müsahibələrə qatılmağa dəvət edir. Seçim zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
Festivalın bütün yenilikləri, maraqlı və dinamik proqramı barədə məlumat almaq üçün “Yay Fest”in sosial media ( www.instagram.com/yayfest.az) səhifələrini izləmək mümkündür.