UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası 2027-ci ildə Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy UNESCO Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuzla görüşərək hazırlıqları müzakirə edib. Ersoy toplantının yalnız təşkilati tədbir deyil, həm də Türkiyənin zəngin mədəni irsinin dünyaya tanıdılması üçün mühüm fürsət kimi qiymətləndirilməsini istəyib.

İstanbulun mədəni irsi də proqramda xüsusi yer alacaq. Tədbir çərçivəsində açılış və bağlanış mərasimləri ilə yanaşı, muzey və tarixi məkanlara səfərlər, musiqi, opera və balet nümayişləri keçiriləcək.

Bundan əlavə, Dünya İrsi üzrə Gənc Peşəkarlar Forumu və Dünya İrsi Məkanlarının İdarəçiləri Forumunun da təşkili, Türkiyənin UNESCO Dünya İrsi Siyahısındakı məkanlarını tanıtmaq üçün xüsusi nəşrlərin və xəritələrin də hazırlanması nəzərdə tutulur.