44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən və regionda yeni reallıqların yaranmasından sonra Azərbaycanın qarşısında duran ən böyük humanitar və təhlükəsizlik çağırışlarından biri minalanmış ərazilər problemidir. Otuz ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış 1 milyondan çox mina bu gün də dinc əhalinin, hərbçilərin və bərpa-quruculuq işlərinə cəlb olunan mütəxəssislərin həyatı üçün ciddi təhlükə olaraq qalır. Müharibə başa çatsa da, azad edilmiş ərazilərdə mina partlayışları davam edir. Kəlbəcər, Tərtər, Ağdam, Füzuli, Laçın və digər rayonlarda baş verən hadisələr dinc sakinlərin ölümünə və yaralanmasına səbəb olur. Yaşayış evləri, kənd təsərrüfatı sahələri, qəbiristanlıqlar, su mənbələri və yolların da minalanması təhlükənin miqyasını daha da artırır.

2020-ci ildən - Vətən müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib. Paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlayışının baş verməsi diqqətə çatdlrılıb. Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb. Bu faciəli hadisələr münaqişənin ölümcül irsinin insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini acı şəkildə xatırladır.Xatırladaq ki, avqustun 12-də Xocavənddə, 13-də isə Kəlbəcərdə mina partlayışı baş verib. Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina vardır.

Prezident İlham Əliyev mina problemini bütün beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirir. Dövlət başçısı mina təhlükəsini yalnız Azərbaycan üçün deyil, bütövlükdə bəşəriyyət və regionun sabitliyi üçün ciddi təhdid kimi qiymətləndirir. Azərbaycanın əsas mesajları mina təhlükəsizliyinin BMT-nin Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə daxil edilməsi, Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin çox aşağı — yaxın 25 faiz olması və dəqiq xəritələrin təqdim edilməsindən imtina etməsi, həmçinin Azərbaycana beynəlxalq maliyyə və texniki dəstəyin artırılması ilə bağlıdır.

Buna baxmayaraq, Azərbaycan daxili resursları və müasir texnologiyalar hesabına torpaqlarını mərhələli şəkildə minalardan təmizləyir. Minalardan təmizləmə işlərinin sürətlənməsi Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına və bərpa-quruculuq işlərinin genişlənməsinə imkan yaradır. Əhali yalnız tam təmizlənmiş və təhlükəsizliyi sertifikatlaşdırılmış ərazilərdə məskunlaşdırılır.

Minalardan azad edilən hər kvadratmetr torpaq yeni bir evin, məktəbin və təhlükəsiz gələcəyin qurulması deməkdir. Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına köçü deyil, həm də həmin ərazilərdə dinc və təhlükəsiz həyatın bərpasıdır.