"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilib ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmış ən irimiqyaslı xarici film istehsalı layihəsidir.

Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasının Prezidentinin kino sahəsində müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısının 29 may 2025-ci ildə imzaladığı “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncamın məqsədlərindən biri xarici film istehsalçılarını ölkəyə cəlb etmək idi. Bunun üçün müxtəlif üsulların, o cümlədən xarici film istehsalçılarının çəkdikləri xərclərin bir hissəsinin geri ödənilməsini nəzərdə tutan "cash rebate" mexanizminin tətbiqi nəzərdə tutulurdu.

Sərəncamdan irəli gələn məsələlərin həlli üçün aradan keçən bir il ərzində intensiv iş görülüb. Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərini təşviq etmək məqsədilə yaradılan Azərbaycan Film Komissiyası ölkənin təqdim etdiyi yeni imkanları xarici film istehsalçılarına təbliğ edib. Görülən işlərin ilkin nəticələri artıq ortadadır.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının - Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların – ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

Çəkiliş prosesinin rahat keçməsi və uğurla başa çatması Azərbaycanın digər beynəlxalq film istehsalı layihələr üçün də cəlbedici məkana çevrilməsini təmin edəcək. Bu isə beynəlxalq kino sənayesinin ölkəmizə diqqətini getdikcə artıracaq.

Qlobal layihələrin ölkəmizdə icra olunması yerli kino sənayesinin inkişafına da müsbət təsir göstərir. “Tanrının zirehi 4: Ultimatum” filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunmuşdu. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəlxalq əməkdaşlığı gücləndirməsini təmin edir.

Ölkədə qlobal blokbasterlərin çəkilməsi Azərbaycanın dünyada təbliği, o cümlədən turizm imkanlarının genişləndirilməsi baxımından son dərəcə effektivdir. Film ekranlara çıxandan sonra Ceki Çanın bütün dünyada, xüsusilə Cənub-Şərqi Asiya ölkələrində olan on milyonlarla fanatı Azərbaycanı yeni turizm ünvanı kimi kəşf etməyə həvəslənəcək.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.