SİMA yeni nəsil rəqəmsal imza “AFB Bank”ın bir sıra rəqəmsal bank xidmətlərinə inteqrasiya olunub.
İnteqrasiya nəticəsində müştərilər filiala getmədən bankın müxtəlif xidmətlərindən elektron formada yararlana bilirlər. Belə ki, “SİMA İmza” artıq “AFB Mobile” tətbiqində əmanətlərin yerləşdirilməsi, mikro kreditlərin rəsmiləşdirilməsi və nağd kreditlərin götürülməsi xidmətlərində tətbiq edilir. Bununla yanaşı, “AFB Mobile”da mövcud və yeni müştərilərin qeydiyyatı və rəqəmsal kartların sifarişi proseslərində də “SİMA İmza”dan istifadə olunur.
Bu inteqrasiya müştərilərə bank xidmətlərindən istifadə zamanı şəxsiyyətlərini rəqəmsal şəkildə təsdiqləməyə və tələb olunan sənədləri elektron formada imzalamağa imkan verir. Nəticədə bir sıra bank əməliyyatlarını filialdan kənarda, daha rahat və çevik şəkildə həyata keçirmək mümkün olur.
“SİMA İmza”nın bank xidmətlərinə inteqrasiyası bank əməliyyatlarının rəqəmsallaşdırılmasına və müştəri təcrübəsinin sadələşdirilməsinə xidmət edir. Eyni zamanda, kağız sənədləşməsinin və əlavə sənəd dövriyyəsinin azalmasına, bank xidmətlərindən məsafədən istifadə imkanlarının genişlənməsinə şərait yaradır.
“SİMA İmza” haqqında
“SİMA” yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.