“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində növbəti yenilik “Seçimlər” mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.

Bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov “Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklər mövzusundakı mətbuat konfransında çıxışı zamanı deyib.

Aparat rəhbəri mənzil seçimi etdikdən sonra imzalama prosesi ilə bağlı da yenilik olduğunu vurğulayıb.

“Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş “Güzəştli mənzil” sistemi vasitəsilə keçirilən mənzil seçimi prosesi çərçivəsində seçim zamanı “Təsdiq et” düyməsini sıxdıqdan sonra dərhal “Ərizəçi” statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq”, - deyə Cəmşid Əmirov bildirib.

Aparat rəhbəri əlavə edib ki, agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb: “Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində “Mənzillər” bölməsinə, “Güzəştli mənzil” sistemində isə “Demo satış” bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər. Qeyd edək ki, “Güzəştli mənzil” sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər”.