Azərbaycan zəngin təbii ehtiyatları, qədim tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi və dörd fəsli özündə birləşdirən iqlimi ilə regionun ən perspektivli turizm ölkələrindən biridir. Son illərdə ölkədə turizm infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr, xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın turizm potensialını tamamilə yeni mərhələyə yüksəldir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda müasir şəhərlər, kəndlər, yollar, hotellər, hava limanları və digər infrastruktur obyektləri inşa olunur. Füzuli, Zəngilan və Laçın beynəlxalq havalimanlarının istifadəyə verilməsi regionun xarici turistlər üçün əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Qarabağın əsrarəngiz təbiəti, mineral bulaqları, dağturizmi imkanları, zəngin tarixi-mədəni irsi və dini abidələri yaxın illərdə bu bölgəni Azərbaycanın əsas turizm istiqamətlərindən birinə çevirə bilər.

Ümumiyyətlə, Azərbaycanın turizm potensialı kifayət qədər böyükdür və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri gələcəkdə bu sahənin inkişafına mühüm töhfə verəcək. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və Zəngilan özünə məxsus təbiəti, tarixi abidələri və mədəni irsi ilə ekoturizm, dağ turizmi, sağlamlıq turizmi və mədəni turizm üçün geniş imkanlar təqdim edir. Qarabağın turizm xəritəsinə tam şəkildə daxil edilməsi Azərbaycanın ümumi turizm gəlirlərinin artmasına, regionların sosial-iqtisadi inkişafına və qeyri-neft sektorunun güclənməsinə mühüm töhfə verəcək. Bu baxımdan beynəlxalq nəqliyyat  əlaqələrinin genişləndirilməsi Qarabağın turizm imkanlarının dünya miqyasında daha fəal tanıdılması qarşıdakı dövrün əsas prioritetlərindən biri kimi çıxış edir.