Tarixi İrəvan şəhərinin əsas məhəllələri Əski şəhər, Dəmirbulaq və Təpəbaşı olub. XX əsrin əvvəllərinə qədər bu məhəllələrdə azərbaycanlılar yaşayıblar. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhəri məhəlləsinin arasındakı təpəlikdə yerləşib, ona görə də Təpəbaşı məhəlləsi adlandırılıb: Təpəbaşı məhəlləsi şəhərin qərb hissəsində yerləşirdi. Əski şəhər məhəlləsi ilə Təpəbaşını çoxlu bağlar ayırıb.

Ümumiyyətlə, XVIII əsr, XIX əsrin birinci qərinəsində – xanlıqlar dövründə İrəvan yaşıllıqlara qərq olmuş bir şəhər olub. Həm də burada - Təpəbaşı məhəlləsində İrəvan xanı Hüseynqulu xana məxsus Xan bağı da yerləşib. Təpəbaşı məhəlləsində İrəvanın ən məşhur məscidi - Hüseynəli xan və ya Göy məscid yerləşib. Hacı İmamverdi məscidi də Təpəbaşında idi. Təpəbaşında karvansaralar, hamamlar, dükanlar yerləşib, memarlıq abidələri ilə də zəngin olub. İrəvanın nüfuzlu şəxslərinin evləri də Təpəbaşında yerləşib. Bütün bunlara görə Təpəbaşı İrəvanın digər məhəllələrindən fərqlənib.

Təpəbaşı məhəlləsi İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalıb. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz- üzədir. Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828- ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar. Bu gün belə bir tarixi abidənin - Təpəbaşının məhv edilməsinə dünya ictimaiyyətinin göz yumması yolverilməzdir. Çünki bu abidə dünya mədəni irsinin bir hissəsidir.

Hazırda Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycan ictimaiyyəti bununla bağlı UNESCO-ya müraciət ünvanlayıb. Müraciəti imzalayan 102 nəfər tanınmış elm və ictimaiyyət xadimi UNESCO-nu xalqımızın zəngin tarixi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırıb. Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib. Dünya buna səssiz qalmamalıdır.