Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası arasında imzalanmış iki əməkdaşlıq müqaviləsi əsasında əlaqələr uğurla davam etdirilir.
BXA-dan bildirilib ki, əməkdaşlıq çərçivəsində iki ali təhsil müəssisəsi arasında qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, ustad dərslərinin təşkili, elmi-praktik konfranslarda iştirak və akademik mobillik istiqamətində səmərəli fəaliyyət həyata keçirilir.
Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru professor Şuxrat Toxtasimov əməkdaşlıq çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasında üç dəfə olub. Səfərləri zamanı o, Bakı Xoreoqrafiya Akademiyasının buraxılış imtahan komissiyasına sədrlik edib, tələbələr üçün klassik rəqs üzrə ustad dərsləri keçib.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də müəllimlər arasında yaradıcılıq və pedaqoji təcrübə mübadiləsidir. Özbəkistanın Əməkdar artisti, “Novbahor” rəqs ansamblının bədii rəhbəri Gülnarə Madraximova və Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının müəllimi Şerzod Kenjebayev Bakı Xoreoqrafiya Akademiyasında özbək rəqsi üzrə ustad dərsləri keçib, həmçinin buraxılış hesabat konserti üçün rəqs quruluşları hazırlayıblar.
İki akademiya arasında əməkdaşlıq qarşılıqlı səfərlər və elmi-mədəni tədbirlərdə iştirak vasitəsilə də inkişaf etdirilir. Bakı Xoreoqrafiya Akademiyasının rəhbər və müəllim heyəti Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasında təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib.
Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələri “Özbəkistan xalqları ilə xarici ölkə xalqları arasında mədəni əməkdaşlığın perspektivləri” adlı beynəlxalq elmi konfransda, eləcə də II “Lazgi” Beynəlxalq Rəqs Festivalı çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak ediblər. Akademiyanın müəllim və tələbələri isə onlayn çıxışlarla sözügedən tədbirlərə qoşulublar. Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə keçirilən “Xoreoqrafiya sənətinin aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfransda Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının dosenti Aydın İbadullayevna iştirak edib. Əməkdaşlığın əsas istiqamətlərindən birini akademik mobillik proqramı təşkil edir. Bakı Xoreoqrafiya Akademiyasının məzunlarından biri proqram çərçivəsində bir il müddətində Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Hazırda həmin məzun peşəkar fəaliyyətini Özbəkistanda davam etdirir. İki akademiya arasında əməkdaşlığın mühüm nəticələrindən biri də tələbələrin beynəlxalq rəqs müsabiqələrində qazandıqları uğurlardır. Belə ki, II “Lazgi” Beynəlxalq Rəqs Festivalında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbəsi Əminə Əliyeva solo nominasiyada II yerə layiq görülüb.