Dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan, prinsipial və ədalətli mövqeyi ilə seçilən Azərbaycanın multikultural dəyərləri dünyaya örnək, nümunədir. Əgər Azərbaycanda sovet hakimiyyəti illərində cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayının 2200-dən artıqdır. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk: "Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk".

Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir. Ölkə başçısının göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.

Tarixi-dini abidələrin qorunması, təmir və bərpasına Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. İstər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır.

Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması uğurla reallaşır.

Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də dini abidələrin təmir və bərpasına başlayıb. Ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayan ermənilərin vandallığı bütün dünyaya göstərildi. Dağıdılan dini abidələrimizə nəzər salarkən Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır.