Bu gün işğaldan azad edilmiş digər rayonlarımız kimi, Zəngilan da sürətlə yenidən qurulur və regionun ən müasir şəhərlərindən birinə çevrilir. "Ağıllı kənd" layihələrindən başlayan bu böyük qayıdış, indi şəhər mərkəzinin müasir standartlar səviyyəsində inşası ilə davam edir. Görülən işlər sadəcə bərpa prosesi deyil, həm də işğaldan azad edilmiş torpaqlarda yeni, ekoloji təmiz və texnoloji üstünlüklərə malik həyat tərzinin təməlidir.
Zəngilanın strateji coğrafi mövqeyi onun yaxın gələcəkdə regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcəyini göstərir. Xüsusilə Zəngəzur dəhlizinin açılması Zəngilanın geosiyasi və iqtisadi əhəmiyyətini qlobal səviyyəyə qaldıracaqdır. Bu dəhliz təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək, həm də Şərqlə Qərb arasında yeni, daha qısa və səmərəli nəqliyyat arteriyası rolunu oynayacaq.
Hazırda Zəngilanda həyata keçirilən yol, logistika və infrastruktur layihələri bölgənin yalnız Azərbaycanın deyil, bütövlükdə regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zəngilanın gələcəkdə beynəlxalq yükdaşımalar və regional iqtisadi əlaqələr üçün əsas mərkəzlərdən birinə çevriləcəyi istisna edilmir.
Bəli, Azərbaycan artıq yeni tarixi mərhələyə qədəm qoyub. Dövlətimizin gücü, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilib.
Bu gün azad edilmiş torpaqlarda aparılan quruculuq işləri Azərbaycanın gələcəyinin daha güclü, daha təhlükəsiz və daha firavan olacağının ən parlaq göstəricisidir. Zəngilan isə bu böyük inkişafın, qüdrətli Azərbaycanın yeni simvollarından birinə çevrilməkdədir.