Bakı Mühəndislik Universitetinin (BMU) təmsilçiləri Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən XII Beynəlxalq İxtiralar Sərgisində (The 12th International Exhibition of Inventions - IEI 2026) qızıl medal qazanıblar.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, universiteti beynəlxalq sərgidə BMU əməkdaşı Sevinc Əliyeva mentor, dizayn ixtisasının tələbəsi Ləman Səfərova isə komanda üzvü kimi təmsil ediblər. BMU təmsilçilərinin də yer aldığı komandanın təqdim etdiyi layihə beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qızıl medala layiq görülüb. Elm, texnologiya və innovasiya sahəsində layihə və ixtiraların nümayiş olunduğu sərgidə 3700-dən çox ixtira və innovativ layihə təqdim edilib. Sərgiyə 600-dən artıq elm, texnologiya və innovasiya nümayəndəsi qatılıb.
Azərbaycan nümayəndə heyəti ümumilikdə 4 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıb.
BMU əməkdaşı və tələbəsinin nüfuzlu beynəlxalq sərgidə qızıl medala layiq görülməsi universitetdə innovativ və yaradıcı düşüncənin təşviqi, tələbələrin beynəlxalq layihələrə cəlb olunması və onların peşəkar inkişafına göstərilən diqqətin nəticələrindən biridir.
Bu uğur BMU tələbələrinin yaradıcı və innovativ potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi, onların ideya və layihələrinin qlobal innovasiya mühitində təqdim olunması baxımından əhəmiyyət daşıyır.