Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət müxtəlif geosiyasi güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan yaradır. Ölkəmizin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizinə çıxışı və inkişaf etmiş nəqliyyat infrastrukturu Azərbaycanı Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı qovşağına çevirir.
Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır. Prezidentin Bişkekdə keçirilən ŞƏT sammitində və “ŞƏT+” formatında iştirakı Azərbaycanın bu platformaya verdiyi strateji önəmi nümayiş etdirir. Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərdə Azərbaycanla tərəfdaş ölkələr arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu görüşlər Azərbaycanın həm Mərkəzi Asiya, həm də daha geniş Avrasiya məkanı ilə əlaqələrinin dərinləşməsinə mühüm töhfə verir. Mövzu ilə bağlı Beynəlxalq Radioya açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Əlbəttə ki, cənab Prezidentin Qırğızıstana səfəri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək məqsədi daşıyır. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, bu prezidentin təkcə bir neçə ayda ikinci səfəridir. Bundan əvvəldə cənab Prezident Qırğızıstanda Çolpon Ata şəhərinə səfər etmişdir. Orada Azərbaycanla Qırğızıstan arasında bir çox sahələri əhatə edən dövlətlərarası müqavilələr imzalanmışdır. Bu gün də Azərbaycan, Qırğızıstan və həmçinin digər Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələri tərəfindən ciddi şəkildə dəstəklənən ŞƏT+ formatında Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq edən ölkələrin əvvəlində gəlir. Hər bir halda Azərbaycanın Şərqlə əlaqələri dərinləşdirməsi, bu gün ölkə başçısının Qırğızıstana gerçəkləşən növbəti səfəri bütövlükdə Azərbaycanın ayrı-ayrılıqda həm ŞƏT üzv ölkələri üçün həm də Şanxay Əməkdaşlıq Təşkilatı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.”
Qeyd edək ki, 2026-cı ildə 25 illiyini qeyd edən ŞƏT Çin, Rusiya, Mərkəzi Asiya ölkələri, Hindistan, İran və Belarusun da daxil olduğu geniş coğrafiyanı əhatə edən mühüm beynəlxalq platformadır. Təşkilat təhlükəsizliklə yanaşı, iqtisadiyyat, energetika, nəqliyyat, investisiya, elm, təhsil və humanitar əməkdaşlıq istiqamətlərində də fəaliyyət göstərir.
Azərbaycanın ŞƏT məkanı ilə əməkdaşlığında nəqliyyat və enerji amili xüsusi yer tutur. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Çin, Mərkəzi Asiya və digər ŞƏT ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın Avrasiya logistikasındakı rolunu gücləndirir.
Enerji sahəsində də Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. “Cənub qaz dəhlizi” Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdıran strateji infrastrukturdur. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr ölkəmizin enerji təhlükəsizliyi və şaxələndirilmiş enerji marşrutlarının təmin edilməsində rolunu artırır.
Nəticə etibarilə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri formal tərəfdaşlıq çərçivəsindən kənara çıxaraq siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar istiqamətləri əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin ŞƏT sammitində və “ŞƏT+” görüşündə iştirakı, eləcə də səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın Avrasiya məkanında fəal və balanslaşdırılmış xarici siyasət kursunu bir daha nümayiş etdirir. Bu əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın çoxqütblü dünya nizamında müstəqil mövqeyinin və regional geosiyasi əhəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edir.