Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb.
BŞH-dən bildirilib ki, “City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.
Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.
Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.
Qeyd edək ki, 2025-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb. Hazırda Bakı Şəhər Halqasında Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.