Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti Azərbaycanın xarici siyasət gündəliyi baxımından mühüm siyasi platformaya çevrildi. Prezident İlham Əliyevin ŞƏT-in “ŞƏT plyus” formatında keçirilən toplantısında iştirakı Azərbaycanın Avrasiyanın müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik proseslərində fəal rolunu bir daha nümayiş etdirdi.

Lakin Bişkek səfərinin əhəmiyyəti yalnız sammit zalı ilə məhdudlaşmadı. Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər Azərbaycanın eyni vaxtda bir neçə mühüm regional istiqamətdə siyasi dialoqu davam etdirdiyini göstərdi. Türkiyə, İran, Qazaxıstan və Ermənistan liderləri ilə təmaslar mahiyyət etibarilə fərqli gündəlikləri əhatə etsə də, onların hər biri Azərbaycanın regional siyasətinin ayrı-ayrı mühüm istiqamətlərini əks etdirir. Mövzu ilə bağll Beynəlxalq Radioya müsahibə verən millət vəkili Naqif Həmzəyev deyib:

“Şanxay Əməkdaşlıq Təşkilatı sammiti bu mənada yalnız çoxtərəfli platforma deyil,  ikitərəfli əlaqələrin sınaq meydançasına da çevrilibdir. Günün ən çox izlənilən hadisəsi şüphəsiz Baş naziri Nikol Paşinyanla görüş oldu. Tərəflər  2025-ci il avqustun 8-də Vaşingtonda imzalanmış birgə bəyyannaməni və sülh sazişinin  razılaşdırılmış  mətninin paraflanmasını xüsusi ilə vurğuladılar. Bu o deməkdir ki, proses kağız üzərində qalmayıbdır, liderlər arasında canlı təmasla dəstəklənməkdədir.Üçüncü tərəfin neytral zəmin rol oynaması  Bakı üçün həm daxili,  həm də beynəlxalq auditoriyaya danışıqlar davam edir siqnalını vermək baxımından əhəmiyyətlidir. Prezident Tokayevlə görüş daha çox simvolik, diplomatik   xarakter  daşıdı.  Prezident Qazaxıstanı yeni parlament  seçkiləri münasibəti ilə  təbrik etdi.  Stratejik tərəfdaşlığın davamlılığını bir daha təsdiqlədi. Bununla belə məhz bu gün protokol görüşlər müttəfiqliq münasibətlərinin institusional yaddaşını formalaşdırdı. İran Prezidenti Pezeşkianla görüş isə daha çətin konteksdə baş tutdu. Regionda gərginliyin  fonunda Bakı sülh və danışıqlar yolunu dəstklədiyini bir daha bəyan etdi. Diplomatik səviyyədə formal mövqe bəyanatı olsa da   Tehranla açıq kanalın saxlanılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Xüsusən sərhəd təhlükəsizliyi və nəqliyyat  dəhlizləri  kontekstində bu çox vacib məsələdir.  ”

Beləliklə, səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər Azərbaycanın regional diplomatiyasının çoxşaxəli xarakterini və ölkənin artan geosiyasi çəkisini bir daha ortaya qoydu. Bişkekdəki diplomatik təmasların ümumi mənzərəsi göstərir ki, Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində yalnız prosesləri izləyən tərəf kimi deyil, öz milli maraqları və regional prioritetləri əsasında fəal siyasi xətt yürüdən dövlət kimi çıxış edir.