Böyük Qayıdış Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin məzmun konsepsiyasıdır. Bu ideya postmünaqişə ədalətinin reallaşması baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan torpaqların azad edilməsi ilə bərabər, Azərbaycan həmin ərazilərdə sosial ədalətin də bərpasını qarşısına məqsəd qoydu. Burada məqsəd sadəcə torpaqları azad etmək deyil, insanı o torpağa, yəni həyatın mənəvi və mədəni məkanına qaytarmaqdır. Prezidentin “hər bir evin açarı – hər bir ailənin gələcəyi deməkdir” fikri bu konsepsiyanın mərkəzində insan amilinin dayandığını göstərir. Böyük Qayıdış milli ləyaqət və dövlətin məsuliyyət fəlsəfəsi üzərində qurulub.

Qayıdış prosesi həm sosial-iqtisadi, həm də mənəvi-siyasi ölçülərdə həyata keçirilir. İşğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə həyata keçirilən “ağıllı kənd” və “yaşıl enerji” layihələri göstərir ki, Azərbaycan bərpa prosesini strateji yenilənmə platforması kimi dəyərləndirir.

Siyasi baxımdan Böyük Qayıdış Azərbaycanın suveren inkişaf modelinin geosiyasi ifadəsidir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən siyasət ölkənin müstəqil qərarvermə qabiliyyətini, resurslardan rasional istifadə bacarığını və uzunmüddətli planlaşdırma mədəniyyətini nümayiş etdirir. Bütün bunlar Qərbin postmünaqişə idarəetmə təcrübələrindən fərqli, lokal-milli və mərkəzləşdirilmiş dövlət yanaşmasının uğurlu nümunəsidir. Nəhayət, Böyük Qayıdış Azərbaycanın dövlət ideologiyasının yeni mərhələsinin fəlsəfi kodu kimi çıxış edir. İdeologiyanın təməlində ədalət, sosial məsuliyyət və yenidənqurma dayanır.

Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu konsepsiya göstərir ki, Azərbaycan müharibədən sonra “sülh dövləti” mərhələsinə daxil olub – burada güc, humanizm və inkişaf arasında strateji tarazlıq qurulub.

Dövlət başçısının “Bu torpaqların sahibi bizik” fikri Azərbaycanın rəsmi ideologiyasının strateji mahiyyətini ifadə edən siyasi formuldur. Bu vurğu göstərir ki, Azərbaycan artıq müstəqil siyasət subyekti kimi öz milli maraqlarını real güc parametrləri üzərindən təmin edə bilir.

Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri regionda yeni güc mərkəzinin formalaşmasını təmin edir. Zəngilan, Füzuli, Laçın, Kəlbəcər kimi rayonlarda infrastrukturun sıfırdan yaradılması dövlətin iqtisadi potensialının və idarəetmə resurslarının səviyyəsini göstərir.

Və  Böyük Qayıdış ədalət, ləyaqət və dövlətçilik ideallarının bərpası ilə yeni Azərbaycan dövrünün başlanğıcıdır.