Sentyabrın 3-də görkəmli sənətkar, Xalq artisti Yaşar Nurinin anadan olmasının 75-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

 

Tədbirdə Akademik Milli Dram Teatrının kollektivi, Yaşar Nurinin sənət dostları, teatr xadimləri və ictimaiyyət nümayəndələri sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, Xalq artistləri Rafiq Əzimov və Əli Nur, Əməkdar artist Anar Heybətov görkəmli sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatr və kino sənətinin inkişafında oynadığı mühüm roldan söz açıblar.

Bildirilib ki, Yaşar Nuri özünəməxsus yaradıcılıq üslubu, yüksək səhnə mədəniyyəti və parlaq aktyor ifası ilə Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub. Onun yaratdığı müxtəlif xarakterli obrazlar tamaşaçıların yaddaşında dərin iz buraxıb. Sənətkar uzun illər ərzində Akademik Milli Dram Teatrında fəaliyyət göstərərək Azərbaycan teatrının inkişafına böyük töhfələr verib.

Çıxışlarda Yaşar Nurinin sənətə bağlılığı, peşəkarlığı, yaradıcılıq axtarışları və həmkarları arasında böyük hörmət qazandığı xüsusi vurğulanıb. Qeyd olunub ki, görkəmli aktyorun zəngin yaradıcılıq irsi Azərbaycan mədəniyyətinin qiymətli səhifələrindən biridir.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva sənətkarın xatirəsinə göstərilən diqqətə görə Akademik Milli Dram Teatrının, Teatr Xadimləri İttifaqının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yaşar Nuri 2012-ci il noyabrın 22-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.