Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Buxara Dövlət Universitetinin rəhbərliyi arasında mədəni əməkdaşlığın inkişaf perspektivlərinə dair görüş keçirilib.

 

Mərkəzdən bildirilib ki, görüşdə Buxara Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Rustam Cumayev, elmi işlər və innovasiyalar üzrə prorektoru Kamoliddin Samiyev, eləcə də universitetin digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı iki ölkə prezidentləri arasında qarşılıqlı etimada və hörmətə əsaslanan dostluq münasibətlərinin dövlətlərimiz arasında təşəkkül tapmış əbədi dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynadığı xüsusi vurğulanıb. Bu çərçivədə Azərbaycan və Özbəkistan arasında mədəniyyət, elm-təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də yeni birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görkəmli Azərbaycan mütəfəkkiri Yusif Qarabağinin elmi-maarifçi irsinə həsr olunmuş konfransın təşkili, onun zəngin elmi irsinin daha geniş tanıdılması və təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürülüb.

Tərəflər bildiriblər ki, irəli sürülən təşəbbüslər ölkələrimiz arasında əbədi dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, Azərbaycan və Özbəkistan xalqlarının zəngin mədəni və elmi irsinin geniş təbliğinə, həmçinin mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.