Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və “LINKS Europe” Fondunun təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbir çərçivəsində “LINKS Europe” Fondunun direktoru Dennis Sammut Avropa-Azərbaycan münasibətlərini təhlil etməyin və perspektivlərini müzakirə etməyin tam vaxtı olduğuna diqqət çəkib. O vurğulayıb ki, 30 il ərzində Qarabağ məsələsi təkcə siyasi gündəmi deyil, həm də insanların düşüncəsini zəbt edib. İndi isə Qarabağ Azərbaycana qayıdıb və Ermənistanla sülh perspektivi yaranıb. Bu, Azərbaycan-Ermənistan, Azərbaycan-Avropa İttifaqı münasibətlərində, eləcə də bütövlükdə Cənubi Qafqazda yeni eranın başlanğıcıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini bildirib. Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycan-Ermənistan münaqişəsinin geridə qalması və bölgədə yaranan sülh mühiti ilə bağlıdır. “Lakin ehtiyatlı olmalıyıq. Çünki həm Avropa İttifaqından (Aİ) kənarda, həm də Aİ daxilində sülh prosesini pozmağa çalışan qüvvələr var. Sözügedən qüvvələrin geniş lobbiçilik şəbəkələri və “ictimai vəkillik” adlandırılan mexanizmləri mövcuddur. Müxtəlif Avropa təsisatlarında və bəzi hallarda media qurumlarında bu cür hallarla hələ də qarşılaşırıq. Bəzi şəxslər humanitar məsələlər pərdəsi altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışırlar. Halbuki hər iki ölkənin – Azərbaycanın və Ermənistanın liderləri davamlı sülhün və barışığın təmin olunması niyyətlərini dəfələrlə vurğulayıblar”, - deyə İdarə Heyətinin sədri bildirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanın Avropa İttifaqının mühüm və etibarlı enerji tərəfdaşına çevrildiyini xatırladaraq deyib: “Biz Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olmaqdan qürur duyuruq. Son illər artan qarşılıqlı səfərlər isə münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda, bir çox sahədə əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, Aİ-Azərbaycan münasibətlərini düşünərkən mənim ağlıma gələn söz “dinamik” oldu. Bu, kifayət qədər diplomatik ifadədir, lakin münasibətlərimizdə dinamizmin, həqiqətən də mövcud olduğunu düşünürəm. Bu dinamizm əməkdaşlığımızın yeni sahələrə doğru genişlənməsində və qarşılıqlı əlaqələrin intensivləşməsində özünü göstərir”.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov isə qeyd edib ki, Cənubi Qafqazda artıq münaqişə yoxdur və hazırda sülh gündəliyi ön plandadır. Vətəndaş cəmiyyətləri arasında birbaşa təmasların və görüşlərin keçirilməsi də müsbət tendensiyadır. “Bu istiqamətdə təşkil olunan tədbirlərdən bir neçəsində iştirak etmək imkanım olub. Münaqişə ilə bağlı əvvəlki yanaşma öz yerini sülh gündəliyinə verir. Eyni zamanda, iqtisadi təmasların qurulması, nəqliyyat əlaqələrinin bərpası və iqtisadi münasibətlərin inkişaf etdirilməsi kimi konkret addımlar da sülh prosesinin mühüm tərkib hissəsidir. Bütün bunlar hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə dəstəklənir”, - deyə XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri bildirib.

Daha sonra dəyirmi masa çərçivəsində panel müzakirə keçirilib.

Panel iştirakçıları Avropa-Azərbaycan münasibətlərinin inkişaf dinamikası, mövcud əməkdaşlıq istiqamətləri və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər. Eyni zamanda, dəyişən regional və qlobal geosiyasi reallıqlar fonunda Azərbaycan ilə Avropa arasında əməkdaşlığın perspektivləri, iqtisadi və siyasi əlaqələrin inkişafı, eləcə də sülh gündəliyinin yaratdığı yeni imkanlar müzakirə olunub.