Müstəqil və prinsipial xarici siyasət yürüdən Azərbaycan son illərdə regional inkişafın aparıcı qüvvələrindən birinə çevrilib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası ölkəmizin müstəqil siyasətinin və milli maraqlara əsaslanan mövqeyinin bariz göstəricisidir.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini milli suverenliyin qorunması, regional və qlobal təhlükəsizliyin təmin olunması, beynəlxalq hüquq normalarına hörmət, eləcə də çoxtərəfli və çoxvektorlu əməkdaşlığın inkişafı təşkil edir. Ölkəmiz bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında münasibətlər qurur və heç bir dövlətin diktəsi ilə hərəkət etmir.
Qlobal və regional münasibətlərdə baş verən dəyişikliklər fonunda Azərbaycan Mərkəzi Asiya və Türk dünyası ölkələri ilə əlaqələrini daha da gücləndirir. Prezident İlham Əliyevin Qırğızıstana səfəri və Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüş Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmin növbəti nümunəsi oldu. Dövlət başçısı çıxışlarında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizmin yaradılmasının və BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırır.
Azərbaycanın diplomatik təşəbbüsləri nəticə də verir. Qarabağ münaqişəsinin həlli ilə əlaqədar fəaliyyət göstərmiş ATƏT-in Minsk Prosesi və onun strukturlarının ləğvi postmünaqişə dövrünün yeni reallıqlarını əks etdirən mühüm hadisələrdən biridir.
Ölkəmizin xarici siyasətində Türkiyə ilə strateji müttəfiqlik və Türk dünyasının birliyinin möhkəmləndirilməsi xüsusi yer tutur. Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının nüfuzunun və əməkdaşlıq imkanlarının artması türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə və digər sahələrdə əlaqələrin genişlənməsinə şərait yaradır.
Azərbaycanın artan beynəlxalq rolunda nəqliyyat və logistika layihələri də mühüm əhəmiyyət daşıyır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzə çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər üzərindən daşımalar və Zəngəzur dəhlizinin perspektivi Azərbaycanın regional və qlobal nəqliyyat əlaqələrində əhəmiyyətini daha da artırır.
Bütün bunlar göstərir ki, Azərbaycanın müstəqil, prinsipial və milli maraqlara əsaslanan xarici siyasəti ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni tərəfdaşlıqların yaranmasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Ədalətə, beynəlxalq hüquqa və qarşılıqlı etimada əsaslanan siyasətin uğurlarının bundan sonra da davamlı olacağı şübhəsizdir.