Ermənistanın Azərbaycan ərazilərini təxminən 30 il işğal altında saxlaması ölkəmizə ağır və uzunmüddətli miras qoyub. İşğal dövründə ərazilərin geniş şəkildə minalanması bu gün azad edilmiş torpaqlarda bərpa və quruculuq prosesinin qarşısındakı əsas problemlərdən biri olaraq qalır. İlkin qiymətləndirmələrə görə, həmin ərazilərdə 1 milyondan çox mina basdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 667 kvadratkilometr ərazi mina və digər partlayıcı sursatlarla çirklənmiş hesab olunur.
Azərbaycan 2020-ci ildən etibarən mina təhlükəsinin aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. 2020-ci ilin noyabrından bu günədək 298 min hektardan çox ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib, 260 mindən çox mina və partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Bu rəqəmlər Azərbaycanın minatəmizləmə prosesinə səfərbər etdiyi resursların miqyasını göstərir.
Lakin görülən böyük işlərə baxmayaraq, mina təhlükəsi hələ də aktual olaraq qalır. Vətən müharibəsindən sonra 437 Azərbaycan vətəndaşı partlayıcı sursatların qurbanına çevrilib. Onlardan 73 nəfər həyatını itirib, 364 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində minalardan zərər çəkən vətəndaşlarımızın sayı 3 min 500-dən çoxdur. Xüsusilə uşaqların və digər mülki şəxslərin mina qurbanları arasında olması problemin humanitar miqyasını daha aydın göstərir.
Minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən qeyri-dəqiq və natamam təqdim edilməsi də prosesi çətinləşdirən əsas amillərdəndir. Bu vəziyyət həm minatəmizləmə əməliyyatlarının müddətini uzadır, həm də ərazidə çalışan mütəxəssislərin təhlükəsizliyi üçün əlavə risklər yaradır.
Mina təhlükəsi yalnız insan həyatı üçün təhdid deyil. Bu problem azad edilmiş ərazilərdə yenidənqurma və iqtisadi fəaliyyətin genişləndirilməsinə, nəqliyyat və kommunikasiya infrastrukturunun bərpasına, ən əsası isə keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneədir. Buna baxmayaraq, Böyük Qayıdış prosesi davam edir. Artıq təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdəki evlərinə qayıdıb, Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.
Azərbaycan minatəmizləmənin sürətini və səmərəliliyini artırmaq üçün müasir texnologiyalardan, innovativ yanaşmalardan və qabaqcıl idarəetmə sistemlərindən istifadə edir. Eyni zamanda, ölkəmiz mina problemini yalnız milli məsələ kimi deyil, beynəlxalq humanitar problem kimi gündəmə gətirir.
Bu baxımdan, ötən həftə Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı xüsusi əhəmiyyət daşıyır. ANAMA və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir mina təhlükəsinin beynəlxalq gündəmdə saxlanılması və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm platformaya çevrilib. Konfrans çərçivəsində ANAMA ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması da bu sahədə beynəlxalq əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.
Mina probleminin həlli Azərbaycanın azad edilmiş ərazilərinin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Təhlükəsiz ərazilər bərpa və quruculuğun sürətlənməsi, iqtisadi potensialın reallaşdırılması və insanların doğma torpaqlarına qayıdışının təmin olunması deməkdir. Bu baxımdan, minatəmizləmə yalnız təhlükənin aradan qaldırılması deyil, həm də Azərbaycanın təhlükəsiz və dayanıqlı gələcəyinin qurulmasının mühüm şərtidir.