Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilən dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər AZƏRTAC-ın suallarını cavablandırıb. Görkəmli alim müsahibəsində elmi fəaliyyəti, Azərbaycanla bağlı təəssüratları və elm dünyasında qazandığı təcrübə barədə fikirlərini bölüşüb.
Müsahibəni təqdim edirik:
- Əvvəlcə, doğum gününüz münasibətilə sizi təbrik edirəm. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Bu mükafatla bağlı fikirlərinizi öyrənmək istərdim.
- Açığı, bunu gözləmirdim. Çox gözəl xəbərdir. Anladığım qədərilə, “Şöhrət” ordeni Azərbaycanın ən yüksək dövlət təltiflərindən biridir. Bu baxımdan çox məmnun oldum. Mən Prezident İlham Əliyevi hər zaman yüksək qiymətləndirirəm və ona böyük hörmət və rəğbət bəsləyirəm. Ona görə də belə bir mükafatın məhz Prezident tərəfindən təqdim olunması məni çox sevindirdi.
- Siz Azərbaycanda bir neçə dəfə olmusunuz. Ümumiyyətlə, Azərbaycan sizin üçün nə deməkdir?
- Mən uşaqlıq illərimdən Azərbaycanı işğal altında olan türk yurdu kimi tanıyırdım. Türkiyə musiqisindən daha çox Azərbaycan musiqisinə qulaq asırdım. Bu baxımdan, Azərbaycan mədəniyyəti ilə böyümüşəm. Azərbaycan mənim üçün Türkiyə qədər önəmli olub. Eyni zamanda, Azərbaycanın Sovet hakimiyyəti altında olması məndə böyük bir ağrı hissi doğururdu. Ona görə də Azərbaycanın hər zaman qəlbimdə xüsusi yeri olub. Azərbaycanın müstəqilliyini əldə etməsi isə mənim üçün çox böyük sevinc mənbəyinə çevrildi.
- Bir neçə müsahibənizdə özünüzü azərbaycanlı hesab etdiyinizi söyləmisiniz. Bu fikrinizin əsasında nə dayanır?
- Dediyim kimi, mən Azərbaycan türküləri ilə böyümüşəm. Zeynəb Xanlarovanın musiqisini dinləyərək böyümüşəm. Bizim adət-ənənələrimiz də bir-birinə çox yaxındır. Lakin bütün bunlardan əlavə, mən Azərbaycana işğal altında olan türk yurdu kimi baxırdım. Bu, qəlbimizdə böyük bir nisgil idi. Azərbaycanın müstəqillik qazanmasını gözləyir və bunu çox istəyirdik. Nəhayət, bu arzumuz gerçəkləşdi.
- Ancaq 1990-cı illərin əvvəllərində Qarabağın işğalı ilə bağlı daha bir nisgil yarandı. Azərbaycanın Qarabağı 30 illik işğaldan azad etməsi Sizdə hansı hissləri doğurdu?
- Azərbaycana ilk səfərim zamanı, səhv etmirəmsə, təhsil naziri ilə söhbət edirdim. O dedi ki, ölkəmizin 20 faizi düşmən işğalı altındadır və biz başqa heç nə düşünə bilmirik. Torpaqlarımızı işğaldan necə azad edəcəyimizi düşündüyümüz üçün digər məsələlərlə, o cümlədən təhsil və elmlə lazımi səviyyədə məşğul ola bilmirik.
Mən Qarabağın necə işğal edildiyini həmin vaxt daha ətraflı öyrəndim və hadisələri yaxından izləməyə başladım. Qarabağ müharibəsi başlayanda isə, demək olar ki, işimi-gücümü bir kənara qoydum, bütün vaxtımı qəzetlərdən və internetdən müharibə ilə bağlı xəbərləri izləməyə sərf edirdim. Bu, bizim üçün böyük Zəfər idi. Türkiyə 1922-ci ildə yunanları, ingilisləri və fransızları Anadoludan çıxararaq tam müstəqilliyini qazandı. Yüz il sonra Azərbaycan da ölkənin ortasındakı bu “xərçəng xəstəliyi”ni çıxarıb atdı. Bu, mənə böyük məmnunluq bəxş etdi. Çox sevindim.
- Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Elmi və akademik sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Bu istiqamətdə kifayət qədər fəal iş aparılır. Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Çoxlu sayda azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Mən Qarabağda keçirilən konfranslardan birində iştirak edərkən zalın yarısının Türkiyədən gəlmiş tələbələrlə dolu olduğunu gördüm. Yəni Türkiyədən Azərbaycana təhsil almağa gələnlər də var. Bu baxımdan, iki ölkənin getdikcə daha çox inteqrasiya olunduğunu görürük.
- Sizin elmi fəaliyyət sahənizə gəldikdə, DNT üzrə apardığınız tədqiqatlar gələcəkdə xərçəng xəstəliklərinin müalicəsində nə dərəcədə böyük rol oynaya bilər?
- Maraqlı sualdır. Azərbaycana səfərlərimdən birində mənə bu sualı vermişdilər. Dedim ki, bu tədqiqatların faydası olacaq, bəlkə də müalicəyə kömək edəcək. Ancaq bunun daha asan yolu da var: siqaret çəkməsəniz, xərçəng hallarının 70 faizi aradan qalxa bilər.
Həmin axşam bu sözlərimi xəbərlərdə göstərmişdilər. Ertəsi səhər oteldə səhər yeməyi yeyərkən restoranda çalışan gənclərdən biri yanıma gəlib dedi: “Hocam, dünən sizi televiziyada gördüm. Mən artıq siqaret çəkmirəm”.
Bu baxımdan, xəstəliklərin qarşısını almaq üçün görülən tədbirlər dərman hazırlamaq qədər əhəmiyyətlidir. Sağlam həyat tərzi sürmək, siqaret çəkməmək və həddindən artıq spirtli içki qəbul etməmək lazımdır. Spirtli içkilər qaraciyər xərçəngi, siqaret isə ağciyər və digər xərçəng növləri riskini artırır.
Ümid edirəm ki, apardığımız tədqiqatlar, DNT-nin bərpası ilə bağlı işlərimiz və yaxın iki-üç il ərzində beyin xərçəngi ilə bağlı həyata keçirəcəyimiz tədqiqatlar bəşəriyyətə böyük fayda verəcək.