Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas hədəflərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının artırılmasıdır. Son illərdə bu istiqamətdə atılan addımlar artıq konkret göstəricilərdə də özünü göstərir.  Belə ki, Azərbaycanın qeyri-neft ixracı 2,8 milyard ABŞ dollarını ötüb. Bu göstərici ölkənin ixrac strukturunda qeyri-neft məhsullarının payının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyri-neft ixracında müşahidə olunan artım iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal imkanlarının yaradılması və yerli məhsulların beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirilə bilər.

Artım, ilk növbədə, kənd təsərrüfatı və ərzaq məhsulları, kimya sənayesi, metallurgiya, tekstil və digər sahələrdə istehsal imkanlarının genişlənməsi ilə bağlıdır. Yerli məhsulların xarici bazarlara çıxışının artırılması həm sahibkarlığın inkişafına, həm də yeni istehsal və ixrac imkanlarının formalaşmasına şərait yaradır. Mövzu ilə bağlı Azərbaycan Televiziyasına  müsahibə verən iqtisadçı ekspert Xalid Kərimli deyib:

“Qeyri neft ixracı təqribən 18 faizə qədər yüksələrək 2,8 milyard dollara çatması olduqca pozitif göstəricidir. Ümumiyyətlə, ölkə qeyri neft ixracında 2 rəqəmli artım faizini yaxın 10 illiklərdə qorumalıdır. Çünki ixracın diversifikasiya, neft-qaz ixracının azaldılmasının alternativi yoxdur. Bu il hədəflər doğrulur və xüsusən də ixracın strukturuna baxanda görürük ki, tədricən təkcə xammal material yox, həm də emal sənayesi məhsullarına da rast gəlmək olar. Bu çox sevindiricidir. Xüsusən də aqrar və aqrar sənaye məhsullarının ixracının 20 faizi artaraq təqribən 1 milyar dollara yaxınlaşması müsbət məsələdir”.

Qeyd edək ki, qeyri-neft ixracının yüksəlməsi Azərbaycanın yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, müxtəlif sahələrdə rəqabətqabiliyyətli məhsullar təqdim edən iqtisadiyyat kimi mövqeyini də gücləndirir. Bu baxımdan ixrac coğrafiyasının genişləndirilməsi və yeni bazarlara çıxışın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın tranzit və logistika imkanlarının genişlənməsi də qeyri-neft məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün əlavə üstünlüklər yaradır. Xüsusilə Orta Dəhliz üzrə nəqliyyat əlaqələrinin inkişafı ölkənin regional ticarət və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, qeyri-neft ixracının artırılması üçün yeni imkanlar açır.

Beləliklə, 2,8 milyard dollarlıq göstərici Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu dinamikanın qorunması ölkənin ixrac potensialının genişlənməsinə, valyuta gəlirlərinin şaxələndirilməsinə və daha dayanıqlı iqtisadi modelin formalaşmasına xidmət edir.