Bakı bu həftə bir daha qlobal iqlim gündəliyinin mühüm ünvanlarından birinə çevrilib. Sentyabrın 7-dən 11-dək keçiriləcək Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizənin yalnız beynəlxalq öhdəliklər və siyasi bəyanatlar səviyyəsində deyil, konkret fəaliyyət və real həllər müstəvisində müzakirə olunduğu mühüm platformadır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsi kimi keçirilən tədbir Bakı Konqres Mərkəzində təşkil olunur.
Bakı İqlim Həftəsinin əsas xüsusiyyəti müxtəlif tərəfləri – dövlət qurumlarını, biznes nümayəndələrini, investorları, alimləri, vətəndaş cəmiyyətini və gəncləri eyni platformada bir araya gətirməsidir. Bu baxımdan tədbir iqlim dəyişmələri ilə bağlı qlobal çağırışların müzakirəsindən daha çox, onların həlli üçün əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına xidmət edir. Proqram çərçivəsində iqlim maliyyələşməsi, enerji keçidi, uyğunlaşma, sənayenin dekarbonizasiyası və dayanıqlı inkişaf kimi istiqamətlər ön plana çıxır.
Bakı üçün bu tədbirin əhəmiyyəti xüsusilə böyükdür. Azərbaycan COP29-dan sonra da iqlim gündəliyində fəal tərəf kimi çıxış edir və Bakı İqlim Həftəsi bu xəttin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan Xarici İşlət Nazirinin müavini Yalçın Rəfiyev Televiziyasına verdiyi müsahibədə tədbirin əhəmiyyətindən bəhs edərək deyib:
“Bakı İqlim Fəaliyyəti həftəsi başladı fəaliyyətə. Bu həm də BMT-nin Bakı İqlim Həftəsi çərçivəsində baş tutan tədbirdi. Tədbirin əhəmiyyəti böyükdür. Yalnız COP danışıqları, dövlət üzrə təmsilçilərin apardığı müzakirələrlə məhdudlaşanda yalnız bir perspektivi əhatə edir. Ancaq bu cür iqlim həftələrinin əhəmiyyəti həm də özəl sektor təmsilçiləri, akademiyanın nümayəndələri, beynəlxalq təşkilatların təmsilçələrini bir araya gətirməklə daha zəngin və dərin müzakirələrin aparılmasına şərait yaratmaqdır”.
Bu platforma Azərbaycanın COP29-dan sonra formalaşdırdığı iqlim diplomatiyasının davamlılığını nümayiş etdirir. Bakının beynəlxalq iqlim dialoqu üçün növbəti dəfə ev sahibliyi etməsi ölkənin qlobal iqlim proseslərində fəal və təşəbbüskar mövqeyini qoruduğunu göstərir.
Bu baxımdan Bakıda keçirilən İqlim Həftəsi mühüm bir mesaj verir: qlobal iqlim gündəliyinin növbəti mərhələsi yalnız yeni öhdəliklərin müəyyənləşdirilməsi deyil, artıq qəbul edilmiş qərarların yerinə yetirilməsi mərhələsidir. Bakı isə bu prosesdə dialoq, tərəfdaşlıq və praktiki fəaliyyət üçün mühüm beynəlxalq platformalardan biri kimi çıxış edir.