Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 8-də Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.
Tədbirdə çıxış edən Milli Məclisin sədri beynəlxalq parlament diplomatiyasının əhəmiyyəti, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında fəaliyyətin müxtəlif aspektləri barədə fikirlərini bildirib.
Sahibə Qafarova son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlığa və parlament diplomatiyasının inkişafına verdiyi töhfələrə toxunaraq, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətdən, irəli sürdüyü təşəbbüslərdən və əldə olunmuş mühüm nailiyyətlərdən söz açıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ötən müddətdə mühüm beynəlxalq parlament platformasına çevrildiyini qeyd edib.
Spiker çıxışında BMT-nin parlamentlərarası beynəlxalq təşkilatlarla əməkdaşlığının rolunu, bu qarşılıqlı fəaliyyətin qlobal çağırışların həllinə və beynəlxalq qərarların milli səviyyədə həyata keçirilməsinə töhfə verə biləcəyini vurğulayıb.
Görüşdə qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi, davamlı inkişaf, iqlim gündəliyi, habelə qlobal təhlükəsizlik, demoqrafik dəyişikliklər və miqrasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.