İqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişafın təmin olunması artıq yalnız ekoloji məsələ deyil

İqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişafın təmin olunması artıq yalnız ekoloji məsələ deyil, həm də qlobal maliyyə siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan yaşıl maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi, ekoloji layihələrə investisiy aların artırılması və dövlətlər arasında maliyyə əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi də diqqət çəkir. Yaşıl maliyyə alətlərinin tətbiqi enerji keçidinin sürətləndirilməsi, bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi, enerji səmərəliliyinin artırılması və ekoloji dayanıqlılığın təmin olunmasına yeni imkanlar yaradır.

Bu istiqamətdə Yaşıl Maliyyələşdirmə üzrə Türk Şurasının ikinci illik toplantısının keçirilməsi Türk dünyasında yaşıl iqtisadiyyat və maliyyə gündəliyinin getdikcə daha çox ön plana çıxdığını göstərir. Toplantı çərçivəsində yaşıl maliyyələşdirmənin inkişafı, mövcud imkanlar və qarşıda duran vəzifələrin müzakirəsi bu sahədə koordinasiyanın əhəmiyyətini bir daha ortaya qoyur. Tədbirdə müzakirə olunan mövzularla bağlı məlumat verən İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib:

“Əsas müzakirə olunan mövzular karbon bazarlarının inkişafı istiqamətində fəaliyyətlərin genişləndirilməsi, təbiət əsaslı həllərə yaşıl maliyyə alətlərinin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi, eyni zamanda bu alətlərin tətbiqi ilə bağlı üzv dövlətlərdə bacarıqların artırılması ilə bağlı ortaq layihələrin keçirilməsi müzakirə olundu”.

Azərbaycanın da son illərdə yaşıl enerji, bərpaolunan enerji mənbələri və enerji keçidi istiqamətində həyata keçirdiyi layihələr bu gündəliklə uzlaşır. Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvanın yaşıl enerji zonalarına çevrilməsi istiqamətində görülən işlər ölkənin yaşıl iqtisadiyyat strategiyasının mühüm komponentlərindəndir.

Türk dünyası üçün isə yaşıl maliyyələşdirmə yalnız ekoloji problemlərin həlli vasitəsi deyil. Bu istiqamət yeni texnologiyaların tətbiqi, investisiya əməkdaşlığının genişləndirilməsi və ortaq layihələrin maliyyələşdirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Bu baxımdan Yaşıl Maliyyələşdirmə üzrə Türk Şurasının fəaliyyəti Türk dövlətləri arasında maliyyə və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradan platformalardan biri kimi qiymətləndirilə bilər. Qarşıdakı dövrdə əsas məqsəd qəbul edilən təşəbbüslərin konkret layihələrə çevrilməsi və yaşıl maliyyənin real iqtisadi nəticələr yaratmasıdır.