Azərbaycanın kamandan oxatma üzrə milli komandası Belarusun Moqilyov şəhərində keçirilən ölkə çempionatında uğurlu çıxışı ilə diqqət çəkib.

 

Sentyabrın 8-də start götürən və 120 idmançının mübarizə apardığı yarışda komandamız baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvilinin rəhbərliyi altında təmsil olunub.

Fatimə Hüseynli və Yaylagül Ramazanovanın yer aldığı kollektiv çempionatın ən güclü iştirakçıları sırasında yer alaraq yüksək nəticələrə imza atıblar. 70 metr məsafədə qadınlar arasında fərdi yarış növündə ustad çıxış nümayiş etdirən Fatimə Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib və çempionatın qızıl medalına sahib olub. Eyni kateqoriyada Yaylagül Ramazanova isə komandaya gümüş medal qazandırıb. İnamlı çıxışını davam etdirən Fatimə Hüseynli qarışıq komanda növündə belaruslu oxatan Kiril Firsov ilə birgə bürünc mükafatı da hesabına yazdırıb.

Qeyd edək ki, qalib idmançılar bu gün mükafatlandırılacaqlar.